Azərbaycan Pauerliftinq Bölməsi haqqında
Azərbaycan Pauerliftinq Bölməsi 23 fevral 2024-cü il tarixindən Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının tərkibində fəaliyyət göstərir. Bölmə Azərbaycanda pauerliftinq və benç-pressin inkişafı, ölkədaxili yarışların təşkili və milli yığma komandanın beynəlxalq yarışlarda təmsil olunması istiqamətində çalışır.
Fəaliyyətin əsasını Beynəlxalq Pauerliftinq Federasiyasının — IPF-in qaydaları təşkil edir. Müxtəlif ölkələrin milli təşkilatlarını birləşdirən IPF pauerliftinqin beynəlxalq inkişafında mühüm rol oynayır. Pauerliftinqin 1981-ci ildən Dünya Oyunlarının proqramında yer alması bu idman növünün beynəlxalq yarış sistemindəki əhəmiyyətini göstərir.
Bölmə Azərbaycan çempionatı və Azərbaycan Kuboku yarışlarını təşkil edir, müxtəlif yaş və çəki kateqoriyalarında idmançıların iştirakına şərait yaradır. Yeniyetmə və gənclərin yarış təcrübəsi qazanması, yeni idmançıların yetişməsi və milli yığma komandanın formalaşdırılması əsas fəaliyyət istiqamətlərindəndir. Azərbaycan idmançıları milli komandanın tərkibində Avropa və dünya çempionatlarında ölkəmizi təmsil edirlər.
Yarışların IPF qaydalarına uyğun keçirilməsi, hakimliyin təşkili, nəticələrin protokollaşdırılması və Azərbaycan rekordlarının qeydiyyatı Bölmənin fəaliyyətində mühüm yer tutur. Yarış nəticələri idmançıların inkişafının izlənilməsinə və Vahid İdman Təsnifatına uyğun idman dərəcələri və adları üçün təqdimatların hazırlanmasına xidmət edir.
Azərbaycan Pauerliftinq Bölməsinin məqsədi ölkəmizin pauerliftinq ənənələrini davam etdirmək, idmançıların inkişafını dəstəkləmək və Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməkdir.
Azərbaycanda pauerliftinqin tarixi
Azərbaycanda pauerliftinqin təşkilatlanmış fəaliyyəti 1996-cı ildə Azərbaycan Pauerliftinq Federasiyasının yaradılması ilə başlayıb. Sonrakı illərdə Azərbaycan idmançıları dünya və Avropa çempionatlarında uğurla çıxış edərək çempionluqlar və mükafatlar qazanıblar. Bu dövrdə idmançılarımız “İdman ustası” və “Əməkdar idman ustası” fəxri adlarına layiq görülüb, onların arasında Prezident mükafatçıları da olub.
23 fevral 2024-cü il tarixindən etibarən bu fəaliyyət Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının tərkibində Azərbaycan Pauerliftinq Bölməsi olaraq davam etdirilir. Bölmə ölkədə pauerliftinq və benç-pressin inkişafı, ölkədaxili yarışların təşkili, milli yığma komandanın formalaşdırılması və beynəlxalq yarışlarda Azərbaycanın təmsil olunması istiqamətində çalışır.
Azərbaycan Pauerliftinq Bölməsi əvvəlki illərin idman ənənələrini davam etdirərək yeni nəsil idmançıların yetişməsini və ölkəmizin beynəlxalq arenada uğurlarının artırılmasını qarşısına məqsəd qoyur.
Rəhbərlik — İdarə Heyəti
Fəaliyyət istiqaməti
Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının nəzdində fəaliyyət göstərən Pauerliftinq Bölməsi Azərbaycanda pauerliftinq və benç-press idman növlərinin inkişafına cavabdeh idman təşkilatıdır. Fəaliyyət prinsipi Beynəlxalq Pauerliftinq Federasiyasının (IPF) qaydalarına əsaslanır.
Məqsəd: Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etmək və ölkədə pauerliftinqin davamlı inkişafına şərait yaratmaq.



