Azərbaycanda pauerliftinqin təşkilatlanmış fəaliyyəti 1996-cı ildə Azərbaycan Pauerliftinq Federasiyasının yaradılması ilə başlayıb. Həmin dövrdə bu idman növünün ölkədə tanıdılması, yarış təcrübəsinin formalaşdırılması və idmançıların beynəlxalq yarışlara hazırlanması istiqamətində fəaliyyət göstərilib. Azərbaycan idmançıları dünya və Avropa çempionatlarında uğurlu nəticələr qazanaraq ölkəmizi təmsil ediblər. Bu illərdə idmançılar arasında “İdman ustası” və “Əməkdar idman ustası” fəxri adlarına layiq görülənlər, eləcə də Prezident mükafatçıları olub.
23 fevral 2024-cü ildən etibarən bu fəaliyyət Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının tərkibində Azərbaycan Pauerliftinq Bölməsi olaraq davam etdirilir. Bölmə əvvəlki illərin idman ənənələrini qoruyaraq pauerliftinq və benç-pressin inkişafını, ölkədaxili yarışların təşkilini, nəticələrin protokollaşdırılmasını və Azərbaycan rekordlarının sistemləşdirilməsini əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirib.
Bölmənin qarşısında duran əsas vəzifələrdən biri yeniyetmə və gənclərin yarışlara cəlb olunması, idmançıların inkişafına şərait yaradılması, hakimliyin və yarış təşkilatçılığının IPF qaydalarına uyğun aparılmasıdır. Milli yığma komandanın formalaşdırılması və Azərbaycan idmançılarının Avropa və dünya çempionatlarında layiqli təmsilçiliyi də bu fəaliyyətin mühüm hissəsidir.



