ANA SƏHİFƏ / QAYDALAR

Qaydalar

ANA SƏHİFƏ / QAYDALAR / HAKİMLİK

Hakimlik

Milli və beynəlxalq hakimlik dərəcələri üzrə məlumat.

Ölkə dərəcəli hakim

Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Vahid İdman Təsnifatına əsasən, “Ölkə dərəcəli hakim” dərəcəsi I dərəcəli hakimlik dərəcəsinə malik olan və həmin dərəcəni aldıqdan sonra ən azı 2 il hakimlik stajı qazanan şəxslərə verilir.

Namizəd aşağıdakı şərtlərdən birini yerinə yetirməlidir:

  • Respublika miqyaslı 4 yarışda baş hakim və ya baş katib kimi fəaliyyət göstərmək;
  • Rəsmi beynəlxalq yarışlarda ən azı 2 dəfə hakim kimi iştirak etmək;
  • Kompleks yarışlarda Baş hakimlər kollegiyasının tərkibinə daxil edilmək.

Dərəcə səlahiyyətli idman qurumlarının müvafiq təqdimatı əsasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının qərarı ilə verilir.

Dərəcənin verilməsi üçün müəyyən olunmuş qaydada təqdimat, hakimlik edilmiş yarışlara dair arayış, idman hakiminin qeydiyyat kitabçası, 3×4 sm ölçüdə iki fotoşəkil və sənədləri təqdim edən təşkilatın müraciəti təqdim olunmalıdır.

“Ölkə dərəcəli hakim” dərəcəsini alan şəxslərə döş nişanı və vəsiqə verilir.

Mənbə: Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Vahid İdman Təsnifatı, “İdman hakimləri haqqında Əsasnamə”, səhifə 25–26.

Beynəlxalq Pauerliftinq Federasiyasının (IPF) Texniki Qaydalarına əsasən, beynəlxalq hakimlik II və I kateqoriyalar üzrə verilir.

II kateqoriyalı beynəlxalq hakim

Namizəd ən azı 2 il milli hakim statusuna malik olmalı, bu müddətdə minimum 2 ölkə pauerliftinq çempionatında hakimlik etməli və milli təşkilat tərəfindən tövsiyə olunmalıdır. Qaydalar üzrə seminardan sonra ingilis dilində yazılı/kompüter və praktiki imtahan keçirilir. Hər iki imtahan üzrə ayrı-ayrılıqda minimum 85% nəticə tələb olunur. Praktiki imtahanda namizəd yan hakim kimi 100 cəhdi, o cümlədən 40 squat cəhdini qiymətləndirir.

I kateqoriyalı beynəlxalq hakim

Namizəd ən azı 4 il II kateqoriyalı hakim olmalı, minimum 6 beynəlxalq və 6 ölkə çempionatında hakimlik etməlidir. Həmçinin Dünya Benç-press Çempionatları istisna olmaqla ən azı 4 beynəlxalq çempionatda hakimlik təcrübəsi tələb olunur.

Namizədlik milli təşkilat tərəfindən imtahandan 3 ay əvvəl təqdim edilir. Yazılı/kompüter və praktiki imtahanlar keçirilir; minimum 90% nəticə tələb olunur. Praktiki imtahanda namizəd baş hakim kimi 75 cəhdi, o cümlədən 35 squat cəhdini qiymətləndirir. Jüri vəzifələrini yerinə yetirmək üçün kifayət qədər ingilis dili biliyi olmalıdır.

İmtahanlar IPF-in müəyyən etdiyi beynəlxalq yarışlar çərçivəsində keçirilir. İmtahanı uğurla tamamlayan namizədə müvafiq hakimlik sənədi verilir.

Mənbə: IPF Texniki Qaydaları, 1 mart 2026-cı il versiyası, “Hakimlər” bölməsi, 19–26-cı bəndlər.